Abşeron rayonunda vətəndaşın maddi zərərə məruz qalması ilə nəticələnən xoşagəlməz hadisə baş verib.
Bu barədə Denmedia.az-a zərərçəkmişin özü məlumat verib.
Xırdalan şəhərində yaşayan Ülviyyə Məmmədovanın sözlərinə görə, 18 dekabr tarixində Xırdalan şəhərində yerləşən marketlərin birində “Empay” ödəniş sistemi vasitəsilə tanışına 1000 manat pul göndərmək istəyib. Lakin diqqətsizlik nəticəsində vəsaiti səhvən başqa bir bank kartına köçürüb.
Sistem üzərindən aparılan əməliyyat zamanı pulun göndərildiyi şəxsin adı Pərvanə Yaqublu kimi qeyd olunub. Buna baxmayaraq, zərərçəkən tərəf qarşı tərəflə əlaqə saxlaya bilmədiyini bildirir. Onun sözlərinə görə, nə həmin şəxsi tapmaq mümkün olur, nə də bank qurumu kart sahibinin məlumatlarını təqdim edir.
Ülviyyə Məmmədova bildirir ki, hazırda borclu olduğu şəxs hər gün pulu tələb edir. Bu isə onun vəziyyətini daha da çətinləşdirir. Zərərçəkənin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti üzrə Kapital Banka və Abşeron Rayon Polis İdarəsinə rəsmi müraciət edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılması gözlənilir.
Qeyd edək ki, bu kimi hallarda vətəndaşlar bank əməliyyatları zamanı daha diqqətli olmalı, səhv köçürmələrlə bağlı isə dərhal bank və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.



Nizami Rəsulov
Denmedia.az

