Infinity Ward studiyasının keçmiş baş direktoru və Respawn Entertainment-in həmtəsisçisi Vins Zampella Los-Ancelesin şimalında, dağlıq ərazidə baş verən yol-nəqliyyat hadisəsində vəfat edib. Bu barədə “NBC Los Angeles” məlumat yayıb.
Qəza bazar günü San-Qabriel dağlarında baş verib. Zampellanın olduğu avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb. Kaliforniya Yol Polisi bildirir ki, sürücü hadisə yerində həyatını itirib, 55 yaşlı Vins Zampella isə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.
Vins Zampella videooyun sənayesinin tanınmış simalarından biri idi. O, Call of Duty françayzasının formalaşmasında mühüm rol oynayıb və Call of Duty, Call of Duty 2, Call of Duty 4: Modern Warfare və Call of Duty: Modern Warfare 2 kimi oyunların yaradılmasında iştirak edib.
2010-cu ildə Zampella Respawn Entertainment studiyasının həmtəsisçilərindən olub. Bu studiya Titanfall, Titanfall 2, Apex Legends və STAR WARS Jedi: Fallen Order kimi layihələrlə tanınıb. 2017-ci ildə Respawn Electronic Arts tərəfindən satın alınıb.
Zampella həmçinin Electronic Arts şirkətində Battlefield seriyası üzərində çalışan komandanın rəhbərliyini də həyata keçirib.

