Britaniyanın Jet2 aviaşirkətinə məxsus təyyarə **Mançester**dən **Alikante**yə 35 sərnişin olmadan havaya qalxıb. Sərnişinlər Mançester hava limanında qalıblar. Bu barədə Manchester Evening News qəzeti yazır.
Nəşrin məlumatına görə, aviaşirkətin əməkdaşları sərnişinlərin sənədlərini yoxlayıb, minik talonlarını skan etdikdən sonra insanlar uçuşu gözləyərək 40 dəqiqə terminalda pilləkən meydançasında saxlanılıb.
Məqalədə qeyd olunur ki, sərnişinlərdə elə təəssürat yaranıb ki, onlar kimsənin qapını açmasını, təyyarəyə aparan trapın yanına buraxılmalarını və ya avtobusa mindirilmələrini gözləyirlər.
Sərnişinlərdən birinin sözlərinə görə, bir müddət sonra nəsə qaydasında olmadığını anlayıblar. Bundan sonra uçuş zolağından hava limanı əməkdaşı onlara yaxınlaşıb və nə baş verdiyini soruşub. Elə həmin vaxt da onların təyyarəsinin artıq uçduğunu bildirib.
“Biz sözün əsl mənasında qəfəsdəki heyvanlar kimi ilişib qaldıq… Təyyarədə azı 36 nəfər az idi, bu isə qəribədir. Normalda kapitan reysin tam dolu olub-olmadığını soruşmalı idi”, — deyə sərnişin bildirib.
Sonradan məlum olub ki, pilləkən meydançasına yönləndirmə zamanı səhv baş verib. Jet2 aviaşirkəti hadisəyə görə üzr istəyib. Mançester hava limanında qalan hər bir sərnişinə 10 avro dəyərində vauçer təqdim olunub.

