“126 min manat ödənildi, nə ev var, nə pul” – Şərur MTK-dan alınacaq evdən xəbər yoxdur.
Sumqayıt şəhər sakini Bayramov Rahim Orucəli oğlunun qanuni vəkili Gülər Mirzəyeva Denmedia.az-a deyib ki, “Şərur MTK”dan ev aldığını, lakin ödəniş etməsinə baxmayaraq nə mənzil, nə də vəsaitini geri ala bilmirlər.
Tələbkarın sözlərinə görə, mənzil üçün ümumilikdə 126 500 manat vəsait banka ödənilib. Lakin sonradan məlum olub ki, nə mənzil təqdim edilib, nə də ödənilən məbləğ geri qaytarılıb.
Məsələ ilə bağlı işə baxan Sumqayıt Şəhər Məhkəməsi iddiaçı Bayramov Rahim Orucəli oğlunun xeyrinə qərar çıxarıb. Qətnaməyə əsasən, borclu tərəf – Sumqayıt şəhər sakini Məlikov Nazim Səftər oğlu icra vərəqəsi üzrə 126 500 manat vəsaiti ödəməlidir. Lakin aradan 4 il keçməsinə baxmayaraq məhkəmə qərarı icra olunmayıb. Tələbkar bildirir ki, bu müddət ərzində nə pul geri qaytarılıb, nə də mənzil problemi həllini tapıb.
Şikayət olunan Nazim Məlikovla telefon əlaqəsi saxlanılıb. O, məsələnin həllinin mümkün olmadığını bildirərək, işin artıq qanun çərçivəsində həyata keçiriləcəyini deyib.
Mövzu ilə bağlı Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə icra idarəsindən bildirilib ki, Nazim Məlikov barəsində araşdırma aparılıb. Qurumdan qeyd olunub ki, işin uzun müddət icra edilməməsi ilə bağlı həmin şəxs barəsində ciddi tədbirlər görülüb və bu tədbirlər davam etdirilir. Onun əmlakına həbs qoyulduğu, yaxın vaxtlarda isə daha sərt hüquqi addımların atılacağı vurğulanıb.
Hazırda zərərçəkmiş tərəf məhkəmə qərarının tam icrasını və vəsaitin geri qaytarılmasını gözləyir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.

