Bir neçə gündür sosial şəbəkələrdə səs yazısı yayılan məcburi köçkün danışıb.
“Denmedia.az” xəbər verir ki, təhdid dolu səs yazısı Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkün , hazırda Sumqayıt şəhərində məskunlaşan Mehriban Hüseynovaya məxsusdur.
O, 32 il bundan öncə sığınacaq üçün öz 4 otaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edir. Hətta evdən çıxmaq üçün özünə və baldızına ümumilikdə 20 min manat pul tələb edir. Hazırda 26-cı məhəllədə yataqxana yaşayan evin sahibi Səlminaz Verdiyeva baş verənləri danışaraq deyib ki, Mehriban Hüseynova və baldızına evini boşaltmasını tələb edib. Qərar da verilib ki, həmin məcburi köçkünlər evi tərk etsinlər. Ancaq buna məhəl qoyulmur.
Mövcud məsələ ilə bağlı qadının öz evinə Sumqayıt şəhər 12 mk bina 8 a mənzil 46-a baş çəkdik.
Elə bizi orda məlum səs yazısının sahibi Mehriban Hüseynova qarşıladı. Onun açıqlaması isə hər kəsi şoka saldı.
Elə açıqlama alırdıq ki, şikayətdə adı hallanan baldız Səyyarə İbrahimova da gəlib çıxdı.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sosial mediada keçmiş məcburi köçkünün yayılmış səs yazısı ilə tanış olub.
Qeyd edilib ki, 4 nəfərdən ibarət ailə Sumqayıt şəhərində Verdiyev Vəkil Rza oğluna məxsus mənzildə müvəqqəti məskunlaşıb. Vurğulanıb ki, “Keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili boşaltması haqqında məhkəmə qətnaməsi mövcuddur və komitəyə təqdim edilib. Qətnamənin icrası ilə əlaqədar, Vəkil Verdiyevin müraciətini nəzərə alaraq, keçmiş köçkünə ailə tərkibinə uyğun olaraq, Dövlət Komitəsinin Biləsuvar rayonunda yerləşən qəsəbədə boş mənzil fondundan yaşayış sahəsi təklif edilib. Lakin o, həmin mənzilə köçməkdən imtina edib. Bu səbəbdən, Vəkil Verdiyevin məhkəmə qərarının icrası ilə bağlı aidiyyəti quruma müraciət etməsi qanunauyğundur”.
Məhkəmə icraçıları isə qətnaməyə uyğun olaraq işləri icra etməkdən imtina ediblər. Məcburi köçkünlər Səyyarə İbrahimova və Mehriban Hüseynova bildirdilər ki, onlara da bu mənzildə qalmaq xoş deyil. Sadəcə Sumqayıtda müvəqqəti də olsa gedəckləri ünvan yoxdur. Kirayədə qalmaq isə onların imkanları xaricindədir. Lakin qısa vaxt ərzində mənzili tərk etmək niyyətləri var.
Qubaqlı rayon İcra Hakimiyyətindən də bildiril ki, məlum səs yazısı yayılan ailə ilə görüş olub. Lakin onların müvəqqəti başqa mənzildə məskunlaşması üçün icra hakimiyyətinin balansında hər hansı bir mənzil yoxdur. Buna görə səbrlə gözləmək lazımdır. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır: “Keçmiş məcburi köçkünlər bərpa qrafikinə uyğun olaraq, mərhələli şəkildə doğma yurdlarına köçürülür. Qubadlı rayonunun Muradxanlı kəndi də bərpa edildikdən sonra yuxarıda qeyd edilən ailənin köçürülməsi qanunauyğun formada icra ediləcək və onun hazırda müvəqqəti məskunlaşdığı mənzil sahibinə təhvil veriləcək".