Sumqayıt şəhərində sərnişin daşıma sahəsində çalışan sürücü gözlənilməz problemlə üzləşib. Sürücü Vidadi Maliyev iddia edir ki, idarə etmədiyi avtobusa görə adına cərimələr yazılıb və nəticədə sürücülük vəsiqəsindən məhrum edilib.
Bu barədə Denmedia.az-a sürücü Vidadi Maliyev bildirib.
Onun sözlərinə görə, əvvəllər çalışdığı daşıyıcı şirkətdə idarə etdiyi 10-TG-522 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusla bağlı sənədləşmə düzgün aparılmayıb. Sürücü iş yerini dəyişsə də, əvvəlki şirkətdə onun adına rəsmiləşdirilmiş yol vərəqəsi sistemdə ləğv olunmayıb.
Maliyev bildirir ki, yol vərəqəsinin sistemdən çıxarılmaması nəticəsində həmin nəqliyyat vasitəsi ilə törədilən yol hərəkəti qayda pozuntularına görə tətbiq edilən cərimələr onun adına göndərilib. Sürücü həm maddi zərər gördüyünü, həm də sürücülük hüququndan məhrum olduğunu deyir.
O qeyd edir ki, ona məxsus olduğu iddia edilən yol vərəqəsindən başqa şəxslərin istifadə etdiyi də irəli sürülür və bu məsələnin araşdırılmasını tələb edir. Sürücü iddia edir ki, kamera görüntülərinə əsasən, avtobus gecə saat 03:00 radələrində Sahil bağları ərazisində qeydə alınıb. Həmin vaxt isə onun evdə olduğu bildirilir.
Məsələ ilə bağlı daşıyıcı şirkət iddiaları qəbul etmir. Şirkət nümayəndələrinin sözlərinə görə, sürücü rəsmi olaraq işdən çıxarılmayıb və işə davamiyyəti ilə bağlı problemlər olub. Şirkət yol vərəqəsinin başqa sürücülər tərəfindən istifadə edilməsinin mümkün olmadığını bildirir.
Məsələ ilə bağlı məlumat verən Baş Dövlət Yol Polisi İdarəsi-nin baş inspektoru Elvin Hacıyev bildirib ki, hüquqi şəxsin balansında olan 10-TC-522 nömrəli avtobusa onlayn qaydada yol vərəqəsi Maliyev Vidadi Alimov adına rəsmiləşdirilib. Mərkəzi informasiya sisteminə daxil edilən məlumat əsasında avtobusla törədilən qayda pozuntuları foto və ya video qeydiyyat vasitələri ilə aşkar edildikdə, inzibati tənbeh qərarları sürücünün adına çıxarılıb.
Rəsmi qurumdan bildirilib ki, tərəflərin müraciəti əsasında məsələ yenidən araşdırıla bilər. Belə hallarda şikayətə baxılaraq problem qanunvericiliyə uyğun şəkildə qiymətləndirilir və müvafiq qərar qəbul edilir.

Elvin Hacıyev
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru

