İranda tanınmış bodibilder Davud Sohrabi ağır yaralanmadan sonra dünyasını dəyişib. O, anti-hökumət etirazlarının dağıdılması zamanı güllə yarası almışdı. Bu barədə Need To Know nəşri məlumat yayıb.
30 yaşlı atlet Tehranda özünə məxsus idman zalının sahibi idi və sosial şəbəkələrdə fəal paylaşımları ilə məşhurlaşmışdı. Xarici görünüşünə görə ona “İranın Bred Pitti” deyirdilər. Bildirilir ki, yanvarın 7-də yarışda ikinci yer tutduqdan cəmi iki saat sonra etiraz aksiyalarının keçirildiyi ərazidə güllə yarası alıb – güllə onun gözünə dəyib.

Sohrabi təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub, lakin həkimlər gözünü xilas edə bilməyiblər. Əməliyyatdan sonra o, komaya düşüb və bir daha ayılmayıb. İdmançı fevralın 24-də vəfat edib.
Onun dəfn mərasimi fevralın 25-də keçirilib. Sohrabinin valideynləri, qardaşı, sevdiyi qadın və çoxsaylı tələbələri vida mərasiminə qatılıblar. Onu tanıyanlar mərhumun idmandan əvvəl kuryer kimi çalışdığını və hər zaman sakit, mehriban insan kimi yadda qaldığını bildiriblər.

