Almaniyalı bloqer Laura Viktoriya Hertiq İtaliyada bal ayı zamanı baş verən ağır yol qəzasında aldığı xəsarətlərdən 30 yaşında vəfat edib.
Bu barədə Daily Mail məlumat yayıb.
Hadisə iyunun 23-də Sella dağ aşırımında baş verib. Hertiqin idarə etdiyi velosiped italiyalı keçmiş dağ xizəkçisi və Olimpiya iştirakçısı Peter Runqqaldierin sürdüyü motosikletlə toqquşub.
Zərbənin gücündən velosiped parçalanıb, bloqer isə yola düşərək ağır xəsarətlər alıb.
Xilasedicilər onu helikopterlə Bolzano xəstəxanasına çatdırıblar. Daha sonra Hertiq Bavariyadakı klinikalardan birinə köçürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, qəzadan 19 gün sonra həyatını itirib.
Məlumata görə, hadisədən cəmi iki gün əvvəl Laura Hertiq sosial şəbəkələrdə toy fotolarını paylaşaraq Dolomit Alplarında keçirdiyi bal ayından danışıb.
Motosiklet sürücüsü də qəza nəticəsində ciddi xəsarətlər alıb.
Hadisənin bütün səbəbləri və başvermə şəraiti Trento prokurorluğu tərəfindən araşdırılır.

