Elbrus dağına qalxarkən köməksiz vəziyyətdə qalan yeddi alpinistin hamısının Bosniya və Herseqovina vətəndaşı olduğu, onlardan beşinin həyatını itirdiyi məlum olub.
Bu barədə “REN TV | Novosti” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, qrupdan yalnız iki alpinist sağ qalıb. Onlardan biri dağdan enərək kömək çağırıb, digərinə isə xilasedicilər tibbi yardım göstəriblər.
Hazırda hər iki şəxs xəstəxanadadır.
Hadisə ilə bağlı ilkin məlumatlarda iki alpinistin öldüyü bildirilirdi. Qrupun çətin vəziyyətə düşməsi isə əvvəlcə iki turistin halının pisləşməsi ilə başlayıb.
Bundan əvvəl alpinistlərin kömək siqnalı göndərməsindən sonra Elbrus dağında axtarış-xilasetmə əməliyyatına başlanıldığı açıqlanmışdı. Turistlərin köməyinə Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağlıq axtarış-xilasetmə dəstəsinin əməkdaşları yollanmışdı.

