Böyük Britaniyada 57 yaşlı Şan Uilyams illərdir axtardığı qızı olduğunu iddia edən qadının qurbanına çevrilib. Məlum olub ki, özünü onun övladı kimi təqdim edən şəxs əslində dələduz olub. Bu barədə “The Sun” yazır.
Şanın Tilli adlı qızı altı aylıq olarkən himayədar ailəyə verilib. Buna səbəb qadının keçmiş partnyorunun onun böyük qızının ölümündə təqsirli bilinməsi olub. Şan qızı iki yaşına çatana qədər onunla görüşə bilib, daha sonra isə yalnız vəziyyəti barədə məlumatlar alıb. Tilli 18 yaşına çatdıqdan sonra ana onunla əlaqəni tamamilə itirib.
Şan daha sonra qızını sosial şəbəkələrdə axtarmağa başlayıb. Yeddi il sonra Sindi adlı qadın ona yazaraq özünün Tilli olduğunu bildirib. O, Tillinin doğum tarixini düzgün deyib və fotolarını göndərib. Şan buna o qədər inanıb ki, “qızını” yenidən itirmək qorxusundan DNT testində israr etməyib.
Bir müddət sonra Sindi “anasına” münasibətdə olduğu kişinin ona qarşı zorakı davrandığını deyib. Şan onun həmin şəxsdən ayrılması üçün 150 funt sterlinq göndərib. Qadın Sindinin həqiqətən qızı olduğuna o qədər əmin olub ki, hətta ona daha yaxın yaşamaq üçün köçüb.
Lakin 2025-ci ilin payızında Şana tanımadığı qadınlardan mesajlar gəlməyə başlayıb. Onlar Sindinin özünü itkin düşmüş övlad kimi təqdim edərək anaları aldadan dələduz olduğunu bildiriblər. Şan Sindidən həqiqəti soruşduqda o, yalan danışdığını etiraf edib.
“Çox üzr istəyirəm. Mən sadəcə anamın olmasını, kiminsə məni hər şeydən üstün tutmasını istəyirdim”, – Sindi davranışını belə izah edib.
Şan hazırda Sindi ilə bütün əlaqəni kəsib və əsl qızı Tillini axtarmağa davam edir.

