Rusiya ordusunun iyulun 30-na keçən gecə Ukraynaya endirdiyi genişmiqyaslı raket zərbələri nəticəsində ölkənin bir neçə bölgəsində ölən və yaralananlar, eləcə də ciddi dağıntılar qeydə alınıb.
Lvov şəhərində baş verən raket hücumları zamanı yaşayış evləri yanıb. Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitskinin Telegram-da yaydığı məlumata görə, yaralıların sayı 15-ə çatıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.
Krivoy Roqda raketin fərdi yaşayış evinə düşməsi nəticəsində çoxuşaqlı ailənin 6 üzvü həlak olub. Ölənlər arasında 5 və 12 yaşlı iki qız uşağı da var. Bundan əlavə, 8 nəfər yaralanıb, onların arasında 6 və 15 yaşlı iki oğlan uşağı da yer alır.
Kiyevdə hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Poltava rayonunda isə 1 nəfər həyatını itirib. Hücum nəticəsində anbarlar, "Nova Poçta"nın terminalı və özəl müəssisələrdən birinin anbar sahələri zərər görüb və yanğın baş verib.
Kiyev vilayətində isə 5 nəfər xəsarət alıb, fərdi yaşayış evlərindən biri qismən dağılıb.

