Misli Premyer Liqasının XX turunda keçirilən “İmişli” – “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında çıxış edib.
Denmedia.az xəbər verir ki, o, qələbənin vacib olduğunu vurğulayıb və azarkeşlərə təşəkkür edib:
“Vacib qələbə qazandıq. Bütün qubalılara minnətdarlığımı bildirirəm. Bizə azarkeşlik etdilər, özümüzü qonaq kimi hiss etmədik.”
Qurbanov meydanın vəziyyətindən narazılığını da açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, stadionun örtüyü ciddi problemlidir:
“Meydanın durumu göz önündədir. Qazon yoxdur. Belə meydanda oynamaq olmaz. Nyukaslla oyun ərəfəsində bu cür matçla nə qazanıram? Gərək futbolçulara 3-4 gün bərpa verəm. Şamaxı ilə Qubada 4-5 oyunun gücünü sərf etdik. AFFA-da bunu görmürlər? Bu vəziyyətə müdaxilə etməlidirlər.”
Baş məşqçi heyətdəki zədələrə də toxunub. Onun sözlərinə görə, Koxalskinin mikrozədəsi var və o, məşqdə ağrı hiss edib. Lemadro isə oyunda əzələsini dartıb. Futbolçuların vəziyyətinə əlavə müayinədən sonra qiymət veriləcək.
Qırmızı vərəqə epizoduna münasibət bildirən Qurbanov qərarı anlaşılmaz adlandırıb:
“Kadiyə göstərilən qırmızı vərəqə anlaşılmaz qaldı. Bəlkə də VAR-dan dedilər. VAR-da Əliyar Ağayev idi, o, çox vaxt əleyhimizə belə müdaxilələr edir.”

