Son illər pensiya kapitalından istifadə məsələsi ölkədə geniş müzakirə olunur. Xüsusilə də vətəndaşların bu vəsaitdən pensiya yaşı tamam olmadan yararlana bilməsi ilə bağlı çağırışlar artmaqdadır. Məsələ Milli Məclisdə də gündəmə gətirilib və bəzi ölkələrin təcrübəsinin Azərbaycanda tətbiqi təklif olunub.
Bəs pensiya kapitalına yığılmış pulu götürmək mümkündürmü? Kimlər pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilər? Bu vəsait hansı hallarda – məsələn, kredit borcunun ödənilməsi, təhsil və ya səhiyyə xərcləri üçün istifadə edilə bilərmi?
Denmedia.az xəbər verir ki, məsələ ilə bağlı Moderator.az-a danışan Millət vəkili Vüqar Bayramov deyib ki, pensiya kapitalından istifadə məsələsi gündəmdədir. Onun sözlərinə görə, bu məsələ 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisə yenidən təqdim olunub:
“Biz bir sıra ölkələrdə – o cümlədən Sinqapur və Amerika Birləşmiş Ştatlarında olduğu kimi – pensiya kapitalından istifadə ilə bağlı təkliflərimizi təqdim etmişik. Təklifimiz ondan ibarətdir ki, pensiya kapitalını formalaşdıran şəxs, pensiya statusu almadan əvvəl həmin kapitalın müəyyən bir hissəsindən istifadə edə bilsin.
Məsələn, ABŞ ştatlarında minimum pensiya kapitalı anlayışı ilə yanaşı, orta pensiya kapitalı anlayışı da mövcuddur. Orta pensiya kapitalından daha artıq vəsaitə malik olan şəxslər həmin kapitaldan istifadə edə bilirlər. Bu da onlara daha erkən mərhələdə pensiya kapitalından faydalanmaq imkanı verir.
Bu yanaşma eyni zamanda pensiya kapitalının bir hissəsinin istehlaka yönəldilməsinə də şərait yaradır. Bu səbəbdən oxşar praktikanın ölkəmizdə də tətbiqi məqsədəuyğun hesab olunur. Təbii ki, bu istiqamətdə maliyyə qiymətləndirilməsinin aparılması və uyğun qərarın verilməsi vacibdir".
Millət vəkili qeyd edib ki, ümumilikdə pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının yaradılması – məsələn, kredit borcunun ödənilməsi, təhsil və səhiyyə xidmətlərinin maliyyələşdirilməsi üçün istifadə olunması – vətəndaşların pensiya kapitalının yığımına marağını artıra bilər. Həmçinin bu, pensiya kapitalından daha səmərəli istifadəni təmin edə, rəsmi məşğulluğun genişlənməsinə və qeyri-rəsmi məşğulluğun payının azalmasına da töhfə verə bilər.