Abşeron rayonunun Novxanı qəsəbəsində baş verən dəhşətli qətlin yeni təfərrüatları məlum olub.
Denmedia.az xəbər verir ki, “Atıcılıq” yaşayış massivində qan içində sonlanan mübahisənin səbəbinin qız üstündə yaranan gərginlik olduğu bildirilir.
Əldə olunan məlumata görə, 19 yaşlı İsrail Moxramovla 22 yaşlı Mirəhəd Məmmədzadə arasında bir müddətdir davam edən şəxsi narazılıq olub. İddiaya əsasən, hər iki gəncin eyni qıza görə münasibətləri kəskinləşib. Hadisə günü onlar küçədə qarşılaşaraq əvvəlcə sözlü mübahisəyə başlayıblar. Mübahisə saniyələr içində əlbəyaxa davaya çevrilib.
Şahidlərin sözlərinə görə, əsəblərinə hakim ola bilməyən Mirəhəd Məmmədzadə üzərində gəzdirdiyi bıçağı çıxararaq İsrail Moxramova ardıcıl zərbələr endirib. Gənc aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Qətlin ən sarsıdıcı məqamı isə hadisənin anbaan təhlükəsizlik kamerasına düşməsidir. Kadrlarda əvvəlcə iki gəncin gərgin şəkildə mübahisə etdiyi, daha sonra qəfil hücumun baş verdiyi, bıçaq zərbələrindən sonra İsrailin yerə yıxıldığı görünür.
Baş vermiş qətl barədə məlumat daxil olan kimi əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Mirəhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
Nizami Rəsulov
Denmedia.az

