Polşada keçmiş evinin həyətində onlarla insan dölü qalıqlarının aşkar edilməsindən sonra həkim saxlanılıb. Yerli rəsmilər bazar ertəsi bildiriblər ki, hadisə ilə bağlı genişmiqyaslı istintaq davam edir.
Məlumata görə, əvvəllər məhkumluğu olmayan 57 yaşlı məhkəmə-tibb eksperti Maqdalena H. döl qalıqlarını müxtəlif araşdırma və testlərdə istifadə etməkdə şübhəli bilinir. İstintaq çərçivəsində həkimi 12 ilədək həbs cəzası gözləyə bilər.
South China Morning Post-un məlumatına görə, hadisə katolik əhalinin üstünlük təşkil etdiyi Polşada geniş rezonans doğurub. Avropanın ən sərt abort qanunlarına malik ölkələrindən biri olan Polşada ictimaiyyət bu qalıqların necə əldə edildiyi ilə bağlı suallara cavab axtarır.
Bununla belə, prokurorluq hazırkı mərhələdə döl qalıqlarının qanunsuz abort yolu ilə əldə edildiyinə dair sübut tapılmadığını açıqlayıb.
Həkimə qarşı irəli sürülən ittihamlar arasında insan qalıqlarına hörmətsizlik, tibbi tullantıların qanunsuz şəkildə utilizasiyası və təhlükəli maddələrin icazəsiz ərazidə saxlanılması yer alır.

İstintaq Polşanın cənub-şərqində yerləşən Lutoryj kəndindəki keçmiş evdə aparılan tikinti işləri zamanı tibbi tullantıların aşkarlanması ilə bağlı daxil olan məlumatdan sonra başlayıb.
Bundan sonra ərazidə polis əməkdaşları, xüsusi təlim keçmiş itlər və yeraltı axtarış avadanlıqları ilə genişmiqyaslı axtarış aparılıb. Axtarışlar nəticəsində həyətdə basdırılmış ən azı 34 insan dölü qalığı tapılıb.
Rjeşuv Regional Prokurorluğunun sözçüsü Kşiştof Çexanovski bildirib ki, bu tibbi tullantıların böyük ehtimalla saxlanılan qadın tərəfindən test məqsədilə istifadə edildiyi ehtimal olunur.

Yerli mediaya danışan anonim mənbələr isə Maqdalena H.-nin COVID-19 pandemiyası dövründə çalışdığı Rjeşuv şəhərindəki xəstəxanadan döl qalıqlarını götürərək evində müxtəlif araşdırmalar apardığı iddiasını irəli sürüblər.
Axtarış zamanı döl qalıqları ilə yanaşı, on minlərlə mikroskop şüşəsi, parafin blokları və müxtəlif sənəd parçaları da aşkar edilib.
Maqdalena H. cümə günü saxlanıldıqdan sonra barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Prokurorluq nümayəndəsi bildirib ki, həkim ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Bununla belə, onun mülkündə tapılan insan dölü qalıqları və digər tibbi tullantıları özü gətirib basdırdığını dediyi bildirilir.
İstintaq çərçivəsində döl qalıqlarının kimliyi hələ müəyyən edilməyib. Polşa qanunvericiliyində şəxsi məlumatların qorunması qaydalarına görə, Maqdalena H.-nin soyadı tam açıqlanmır. Onun təkbaşına hərəkət edib-etmədiyi və ya hadisədə başqa şəxslərin də iştirakının olub-olmadığı araşdırılır.

