Azərbaycan vətəndaşı Ruslan Əsgərovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatəti Moldova Baş Prokurorluğu tərəfindən təmin edilib.
DenMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Samux Rayon Prokurorluğunda aparılan istintaq zamanı 1981-ci il təvəllüdlü Ruslan Əsgərovun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, lakin istintaqdan yayınaraq gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
Ruslan Əsgərov Moldovada saxlanılıb və xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirilib.
Həmin cinayət işi üzrə daha əvvəl icraçı Elvin Mehdiyev və köməkçi Tural Yusifov barəsində istintaq yekunlaşdırılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Mehdiyev 18 il, Tural Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Ruslan Əsgərov Ukraynada yaşayıb, daha sonra Azərbaycana köçərək məskunlaşan iş adamı Aytəkin Hüseynovun qətlinin sifarişində ittiham olunur.

