Uğursuz və stresli gündən sonra bahalı əşya almaq istəyinin arxasında psixoloji səbəblər dayana bilər.
Bu barədə biznes-psixoloq Vitaliya Avetova “Gazeta.Ru” nəşrinə açıqlamasında bildirib.
Psixoloqun sözlərinə görə, insan pis gün keçirdikdən sonra alış-veriş vasitəsilə mənfi emosiyalardan uzaqlaşmağa və həyatı üzərində nəzarət hissini bərpa etməyə çalışır.
Gün ərzində tənqid, münaqişə və uğursuzluqlarla qarşılaşan insan alış-veriş zamanı qərarı özü verir, istədiyini seçir və dərhal nəticə əldə edir.
“Bahalı əşyalar belə hallarda sadəcə məhsul deyil, insanın öz dəyərini təsdiqləmək vasitəsinə çevrilir. İnsan özünə ‘Məni tənqid etsələr də, uğurluyam və bunu almağa imkanım var’ deyə düşünür”, – deyə mütəxəssis izah edib.

Avetova qeyd edib ki, xüsusilə axşam saatlarında yorğunluq səbəbindən düşünülməmiş alış-veriş etmək ehtimalı artır.
Psixoloq xəbərdarlıq edib ki, alış-verişin streslə mübarizənin daimi üsuluna çevrilməsi narahatedici əlamətdir. Xərclərin büdcəni aşması, yaxınlardan gizlədilməsi və sonradan peşmanlıq hissi də buna işarə edə bilər.

Mütəxəssis bahalı əşya almamışdan əvvəl qərarı ən azı növbəti günə qədər təxirə salmağı tövsiyə edib. Onun sözlərinə görə, emosiyalar sakitləşdikdən sonra həmin əşyaya həqiqətən ehtiyac olub-olmadığını anlamaq daha asandır.

