Yaşlanmanı ləngitmək üçün superfudlara ehtiyac yoxdur. Dan Buettner, **National Geographic**in elmi əməkdaşı və daha çox uzunömürlülərin yaşadığı regionları əhatə edən “mavi zonalar” konsepsiyasının müəllifi, gəncliyin əsas “müttəfiqi” hesab etdiyi və hər gün yediyi yemək barədə Daily Mail nəşrinə danışıb.
Niyə şorbalar hər gün yeyilməlidir
Büttner hər səhərini lobyalı tərəvəz şorbası olan minestrone ilə başlayır. O, şorbaya az miqdarda zeytun yağı və avokado əlavə edir.
Minestrone İtaliya mətbəxinin ənənəvi yeməyidir və hələ Qədim Roma dövründən məlumdur. “Mavi zonalar”dan biri olan Sardiniyada bu şorba demək olar ki, hər gün süfrəyə verilir.
Yeməyin tərkibinə daxil olan məhsullar həkimlər tərəfindən müntəzəm istifadəsi tövsiyə edilən qidalar sırasındadır. Paxlalılar, dənli bitkilər və tərəvəzlərlə zəngin qidalanma xroniki xəstəliklərin daha aşağı riski və daha uzun ömür ilə əlaqələndirilir.
Təkcə qidalanma kifayət deyil
Alimlər uzun illərdir uzunömürlülüyün səbəblərini araşdırırlar. Büttner və onun həmkarı, epidemiologiya professoru Karin Modigun sözlərinə görə, əksər uzunömürlüləri birləşdirən üç əsas xüsusiyyət var:
— sağlam ürək-damar sistemi,
— optimizm,
— həyatda məqsəd hissi.
Ürək və damarların yaxşı vəziyyəti uzun ömür ehtimalını artırdığı kimi, pozitiv düşüncə stresin təsirini azaldır, məqsədli həyat tərzi isə bu təsiri daha da gücləndirir.
Əlbəttə, bəzi amillər irsi xüsusiyyətlərdən və təsadüflərdən asılıdır. Lakin aktiv və sağlam qocalmaq istəyənlər nəzarət edə bildikləri sahələrə diqqət yetirməlidirlər: qidalanma, fiziki aktivlik və sosial əlaqələr.

