Çində 82 yaşlı Çen Açun həyat yoldaşını görmək üçün 105 gün ərzində hər gün 12 saat yol gedib — sadəcə onunla yarım saat keçirmək üçün. Bu barədə South China Morning Post yazır.
Çjetszyan əyalətində yaşayan fermer Çen Açun həyat yoldaşı Süə ilə 50 il evli olub. 2025-ci ildə 76 yaşlı qadın insult keçirib və vəziyyəti pnevmoniya ilə ağırlaşıb. O, kənddən uzaqda yerləşən xəstəxanaya yerləşdirilib. Buna baxmayaraq, Açun hər gün onu ziyarət etməyə başlayıb.
O, hər gün səhər saat 04:30-da oyanır, yemək hazırlayır və uzun yola çıxırdı — təkcə həyat yoldaşının əlini tutmaq üçün.
Açun əvvəl avtobusla Ninbo şəhərinə gedir, sonra başqa avtobusa minib saat 10:30-da xəstəxanaya çatırdı. Puluna qənaət etmək üçün özü ilə səbətdə ev yeməyi aparırdı.
Qısa görüşlər zamanı o, həyat yoldaşının əlini tutur, onunla danışır, keçmişlərini xatırlayırdı. Onun üzünü yuyur, yorğanını düzəldirdi.
Sevgi bəzən sözlə deyil — yol ilə ölçülür.
Martın 13-də qadının vəziyyəti stabil görünürdü. Açun yola düşərkən ona narahat olmamağı deyib, qadın da başı ilə razılıq verib. Lakin yolda olarkən xəstəxanadan zəng gəlib — həyat yoldaşının ürəyi dayanıb.
Açun oğlu ilə birlikdə geri qayıdaraq son dəfə onunla vidalaşıb.
“Bu dünyada birlikdə həyatımız bitdi, amma mən bunu qəbul edə bilmirəm.”
Müalicə müddətində ailə bütün yığımlarını — 100 min yuanı xərcləyib, oğlu isə evi satıb. Açunun sədaqəti yayıldıqdan sonra xəstəxana ziyarət saatlarını uzadıb, nəqliyyat şirkətləri ondan gediş haqqı almayıb, insanlar isə ailəyə 140 min yuan yardım edib.

