Çində yeni bir trend sürətlə populyarlaşır: şəhər sakinləri artıq ev heyvanı kimi pişik və itlər əvəzinə adi toyuqlar saxlayır.
Bu barədə South China Morning Post nəşri məlumat yayıb.
Bildirilib ki, quşları geyindirir, onlara papaq taxır və hətta uşaq arabalarında gəzintiyə çıxarırlar.
Sahiblər iddia edir ki, toyuqların ənənəvi ev heyvanları ilə müqayisədə bir çox üstünlükləri var. Onların sözlərinə görə, toyuqlar kiçik ölçülüdür, güclü qoxu yaymır, demək olar ki, tük tökmür və baxımı çox sadədir.
Bəzi sahiblər hətta qeyd edir ki, toyuqlar insanın səsini tanıya, sahibini ayırd edə, göz kontaktı qura və emosiyalara reaksiya verə bilir.
Toyuq saxlamaq təkcə qeyri-adi seçim deyil, həm də gündəlik həyat üçün praktik həll kimi təqdim olunur.
Digər mühüm amil isə ucuzluqdur — bir toyuğun aylıq qidalanması təxminən 4 dollar təşkil edir.
Eyni zamanda, çinlilər tüklü “sevimlilərini” sosial şəbəkələrdə aktiv paylaşır və bu videolar artıq 3,1 milyarddan çox baxış toplayıb.

