Həyəcan və uzunmüddətli stress bəzi insanlarda astmaya bənzər tənəffüs çətinliklərinə səbəb ola bilər.
Psixoloq və bədən yönümlü terapevt Mariya Polyakovanın sözlərinə görə, həyəcan zamanı xroniki stressdən zəifləyən vegetativ sinir sisteminin fəaliyyəti pozulur.
Orqanizm təhlükə hiss etdikdə “döyüş və ya qaç” mexanizmini işə salır. Bu zaman qana adrenalin və kortizol hormonları ifraz olunur, nəfəs isə sürətlənir, səthiləşir və güclənir.

Mütəxəssis bildirib ki, həddindən artıq sürətli nəfəsalma nəticəsində qanda karbon qazının səviyyəsi azalır. Bu isə bronxların reflektor spazmına səbəb olaraq boğulma hissi, sinədə sıxılma və nəfəs darlığı yarada bilər.
Polyakova vurğulayıb ki, belə əlamətlər həyəcanla bağlı ola bilsə də, davamlı və ya güclü nəfəs problemləri zamanı tibbi müayinədən keçmək vacibdir.

