Sızanaqlardan xilas olmaq üçün istifadə edilən bəzi xalq təbabəti üsulları dəridə ciddi problemlərə səbəb ola bilər.
Xüsusilə, ev şəraitində tətbiq olunan müəyyən vasitələr dərinin qıcıqlanmasına, kimyəvi yanıqlara və kontakt dermatitə yol aça bilər.
Bu barədə kosmetoloq Natalya Ovdey “Gazeta.Ru” nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, sızanaqları aradan qaldırmaq məqsədilə diş məcunu, spirt, limon suyu, sarımsaq, soğan, sirkə, soda və yüksək konsentrasiyalı turşulardan istifadə etmək olmaz.

“Xalq arasında sızanaqlara qarşı istifadə edilən vasitələrin əksəriyyətinin effektivliyi elmi cəhətdən sübut olunmayıb. Onların dəriyə tətbiqi qıcıqlanma, quruluq və hətta yanıqlarla nəticələnə bilər. Xüsusilə, iltihabın sağalmasını sürətləndirmək ümidi ilə dəriyə aqressiv maddələrin çəkilməsi təhlükəlidir”, – deyə kosmetoloq bildirib.
Natalya Ovdey həmçinin aknedən əziyyət çəkən şəxslərə üz dərisinə skrab, şəkər və ya üyüdülmüş qəhvə tətbiq etməməyi tövsiyə edib.
Onun sözlərinə görə, iltihablı dərinin bu cür vasitələrlə sürtülməsi dərini daha da zədələyir və qızartını artırır.
Mütəxəssis sızanaqları sıxmağın da ciddi səhv olduğunu vurğulayıb. Bu, dəridə iltihabdan sonrakı ləkələrin və çapıqların yaranmasına səbəb ola bilər.

