Şuşanın mərkəzində ilk açıq hava kitabxanası — “Kitab məntəqəsi” istifadəyə verilib.
Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Layihə Vaqif Poeziya Günləri çərçivəsində həyata keçirilib. “Kitab məntəqəsi” Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azercell Telekom” MMC və “Aztelekom”un birgə təşkilatçılığı ilə yaradılıb.
Təşkilatçıların sözlərinə görə, kitabxananın əsas məqsədi şəhər sakinləri arasında mütaliəni və ədəbiyyatı təbliğ etməkdir.
Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və “Azercell”in Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova iştirak ediblər.
Bildirilib ki, “Kitab məntəqəsi” günün 24 saatı fəaliyyət göstərəcək və hər kəs üçün əlçatan olacaq.
Yeni kitabxananın ilk ziyarətçisi Xalq şairi Vahid Əziz olub. Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair və esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Vahid Əziz şeirlərini səsləndirib və iştirakçıların suallarını cavablandırıb.




