Xəbər verdiyimiz kimi, ötən gün DSX-nin 22 yaşlı gənc giziri Musayev Əsgər Nicat oğlu, beş illik xidmətini tamamladığı bir vaxtda, Cəbrayılda minaya düşərək şəhid olub.
Den.az xəbər verir ki, bu acı xəbər, ailəsi və yaxınları ilə yanaşı, bütün Göyşaban qəsəbəsində dərin kədər və hüzn yaradıb.
Şəhid bu gün doğulub boya başa çatdığı Lənkəran rayonun Göyşaban qəsəbəsində dəfn olunacaq. Hazırda mərasimdə Lənkəran rayon rəsmiləri, DSX-nin yüksək rütbəli hərbiçiləri və yüzlərlə rayon sakinləri iştirak edir.
Allahdan şəhidimizə rəhmət, ailəsinə isə səbir diləyirik. Onun ruhu şad olsun, vətən yolunda göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Bu barədə Den.az-nın sorğusna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Məlumata görə, fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.