Xəbər verdiyimiz kimi, Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Den.az onun dosyesini təqdim edir:
Aqil Şirinov 1979-cu il sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub. Orta təhsilini Kəlbəcər şəhərində tamamladıqdan sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub və 2001-ci ildə "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olub. Daha sonra Türkiyənin Mərmərə Universitetində magistratura və doktorantura təhsili alaraq müvafiq elmi dərəcələrə yiyələnib.
2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı" mövzusunda dissertasiya müdafiə edən Aqil Şirinov fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 2018-ci ildən etibarən elmlər doktorluğu üzrə dissertasiya işi üzərində də çalışır.
Elmi-pedaqoji fəaliyyətinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində başlayan Şirinov burada fəlsəfə, İslam məzhəbləri tarixi, din sosiologiyası və din psixologiyası fənlərini tədris edib. O, eyni zamanda müxtəlif ali təhsil müəssisələrində fəlsəfə və məntiq dərsləri də aparıb.
2016–2020-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində çalışmış, hal-hazırda isə həmin qurumun elmi-dini şurasının üzvüdür.
Aqil Şirinovun beynəlxalq təcrübəsi də diqqətəlayiqdir. O, Böyük Britaniyada dil kursları keçmiş, ABŞ Konqres Kitabxanasının "Open World" proqramında və Çikaqoda keçirilmiş "Dini Multikulturalizm" seminarında iştirak etmişdir. Şirinov həmçinin Fransa, Almaniya, Türkiyə, Pakistan və digər ölkələrdə multikulturalizm və dini dözümlülük mövzularında konfranslarda çıxışlar edib.
2020-ci ilin sentyabrında Avropa Şurasının "Mədəniyyətlərarası İnteqrasiya İşçi Qrupu"na Azərbaycan üzrə təmsilçi seçilən Aqil Şirinov "Metafizika" adlı beynəlxalq fəlsəfi jurnalın redaksiya heyətinin də üzvüdür.
Elmi fəaliyyətində fəlsəfə və İslam məzhəbləri tarixi sahələrinə fokuslanan alim bu sahələrdə çoxsaylı məqalə və kitabların müəllifidir. Onun 6 kitabı, 20-dən çox elmi məqaləsi və 8 tezisi nəşr olunub. O, həmçinin "Dini radikalizm və onun fəsadları" adlı broşür müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvü olan Aqil Şirinov evlidir və iki övladı var.