13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
Den.az bu barədə Şuraya istinadən xəbər verir.
İclasda "Space TV" kanalının efirində cari ilin 7 iyun, 8 iyun və 9 iyun tarixlərində yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.
"Maşa və ayı" cizgi filminin Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.