Ötən sutka ərzində Bakıda və Azərbaycanın bir sıra rayonlarında polis əməkdaşları tərəfindən 5 avtomat, 3 tapança, 1 qumbara, 6 ov tüfəngi, patronlar üçün 2 daraq və müxtəlif çaplı 100 patron aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qurum vətəndaşlara qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının könüllü şəkildə polis orqanlarına təhvil verilməsinin vacibliyini bir daha xatırladıb.
Qeyd olunur ki, silah və döyüş sursatlarının qanunsuz saxlanılması bədbəxt hadisələrə, ağır cinayətlərə, vətəndaşların həyatı və təhlükəsizliyi üçün ciddi təhlükəyə səbəb ola bilər. Belə əşyalar aşkar edildiyi halda vətəndaşlardan dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş olunur.
Qanunvericiliyə əsasən, qanunsuz saxladıqları odlu silah və döyüş sursatlarını könüllü şəkildə polis orqanlarına təhvil verən şəxslər qanunla müəyyən edilmiş məsuliyyətdən azad olunurlar.

