Dietoloqlar beyin, ürək və bağırsaq sağlamlığı üçün faydalı olan qida məhsulunu açıqlayıblar.
“Real Simple” nəşrinə danışan dietoloqlar Lotta Andonyan və Sara Qlinski gündəlik qidalanmaya yunan yoqurtunun daxil edilməsini tövsiyə ediblər.
Andonyanın sözlərinə görə, yunan yoqurtunun tərkibindəki probiotiklər bağırsaq və beyin arasındakı əlaqəni dəstəkləyərək zehni fəaliyyətə müsbət təsir göstərə bilər.
Mütəxəssis bildirib ki, yoqurt kimi fermentləşdirilmiş məhsulların istifadəsi depressiya, təşviş, demensiya və Altsheymer xəstəliyinin inkişaf riskinin azalması ilə əlaqəli ola bilər. Bu məhsulların beyində iltihabi prosesləri azaltmaq və idrak funksiyalarını dəstəkləmək potensialı da araşdırılır.

Bundan əlavə, süd məhsullarının, o cümlədən yoqurtun müntəzəm istifadəsi ilə yoğun və düz bağırsaq xərçəngi riskinin azalması arasında mümkün əlaqə olduğu qeyd edilib.
Sara Qlinski isə yoqurtun digər süd məhsulları ilə müqayisədə adətən daha az laktoza ehtiva etdiyini və bu səbəbdən laktozaya həssas insanların onu daha rahat həzm edə biləcəyini vurğulayıb.
Dietoloqun sözlərinə görə, yunan yoqurtu və digər fermentləşdirilmiş süd məhsulları qan təzyiqinin və iltihabın azalmasına kömək edən maddələrin yaranmasını dəstəkləyərək ürək sağlamlığına da müsbət təsir göstərə bilər.
Bununla belə, mütəxəssislərin qeyd etdiyi mümkün faydalar yoqurtun sadalanan xəstəliklərin qarşısını mütləq aldığını sübut etmir.

