Braziliyada onilliklərdir xarici dünya ilə birbaşa əlaqə qurmadan yaşayan yerli tayfanın üzvləri meşədən çıxaraq başqa bir icmanın kəndinə yaxınlaşıblar.
Hadisə ölkənin Maranyan ştatında, noyabrın 16-da baş verib.
Məlumata görə, Ava-Quaja (Awá-Guajá) xalqına mənsub təxminən 20 nəfər Arariboya yerli ərazisində yerləşən, Quajajara (Guajajara) xalqının yaşadığı Tavari kəndinə yaxınlaşıb.

Qadın və uşaqların da olduğu qrupun yerli sakinlərdən qida aldığı anlar kameraya çəkilib. Bəzi uşaqların və yaşlıların həddindən artıq arıq görünməsi onların sağlamlıq vəziyyəti ilə bağlı narahatlıq yaradıb.
Nadir qarşılaşmadan sonra Braziliya rəsmiləri yerli əhalinin sağlamlığının qorunması və təhlükəsizliyi üçün tədbirləri gücləndiriblər.
Hadisə həmçinin tayfanın niyə uzunmüddətli təcriddən çıxaraq başqa insanlara yaxınlaşması ilə bağlı suallar doğurub. Yerli ərazilərdə qanunsuz ağac kəsimi, ovçuluq və kənar müdaxilələr bu icmaların həyatına təhlükə yaradan amillər arasında göstərilir.

