Rusiyaya məxsus sərnişin təyyarəsi bomba yerləşdirilməsi barədə məlumatdan sonra Türkiyənin Antalya hava limanında təhlükəsiz əraziyə aparılıb. Təyyarədə olan 65 sərnişin və 4 heyət üzvü təxliyə edilib.
Denmedia.az DHA-ya istinadən xəbər verir ki, Rusiyanın “Azimuth Airlines” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” tipli təyyarə Mineralnıye Vodı şəhərindən Antalyaya uçuş həyata keçirərkən bomba həyəcanı yaşanıb.
RA-89120 qeydiyyat nömrəli təyyarə bomba barədə məlumatdan sonra nəzarətə götürülüb. Antalya hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib və təyyarə üçün 5 nömrəli perronda xüsusi dayanacaq ayrılıb.
Hava limanının ikinci uçuş-enmə zolağına enən təyyarə təhlükəsiz əraziyə aparılıb. Bütün sərnişinlər və heyət üzvləri təxliyə olunduqdan sonra təhlükəsizlik əməkdaşları təyyarədə axtarışlara başlayıblar.

