Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı ciddi danışıqlara hazır deyil və hərbi əməliyyatları ən azı qışın sonunadək davam etdirmək niyyətindədir.
Bu barədə “The New York Times” (NYT) Qərb kəşfiyyatının hesabatları ilə tanış olan rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Putin Rusiya ordusunun Ukraynanın şərqində irəliləyəcəyinə, raket və pilotsuz uçuş aparatları ilə hücumları artıraraq Kiyevə təzyiqi gücləndirəcəyinə ümid edir.
Bununla belə, Rusiya ciddi hərbi itkilər, səfərbərlik problemləri və iqtisadi çətinliklərlə üzləşir. Qərb kəşfiyyat xidmətləri Kremlin sülh razılaşmasına getmək istəməməsinin səbəblərini müxtəlif cür qiymətləndirsələr də, Moskvanın özü üçün daha əlverişli şərtlər əldə etməyə çalışdığı qənaətindədirlər.
Kəşfiyyat xidmətlərindən birinin qiymətləndirməsinə əsasən, Kreml bütün Donbasın Rusiyaya verilməsini və Ukraynanın NATO-ya üzv olmayacağına dair təminat tələb edə bilər. NYT-nin mənbələri Kiyevin bu şərtləri böyük ehtimalla rədd edəcəyini düşünürlər.
Bəzi avropalı rəsmilər isə hesab edirlər ki, Moskva 2027-ci ildə Avropada keçiriləcək seçkilərdən sonra Ukraynaya Qərb dəstəyinin zəifləyəcəyinə ümid edərək müharibəni uzadır.

