Xaçmaz rayonunun Niyazoba kəndində məişət tullantıları poliqonunun yandırılması əsl ekoloji kabusa çevrilib. Yaşayış evlərinin yaxınlığında yerləşən poliqonda zibillərin açıq şəkildə yandırılması kənd sakinlərinin sağlamlığını və ətraf mühitin təhlükəsizliyini ciddi təhdid edir.
Denmedia.az xəbər verir ki, bu barədə DenazTV-yə müsahibələrində sakinlər məlumat veriblər.
Tullantıların yandırılması nəticəsində ətrafa yayılan qatı, zəhərli tüstü təkcə xoşagəlməz qoxu deyil, həm də insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Bu tüstünün tərkibindəki zərərli kimyəvi birləşmələr tənəffüs yollarına, torpağa və ətraf mühitə mənfi təsir göstərə bilər.
Məsələnin təhlükəli tərəfi isə poliqonun yaşayış evləri, kənd təsərrüfatı sahələri və Xəzər dənizinə yaxın ərazidə yerləşməsidir. Belə bir ərazidə tullantıların nəzarətsiz şəkildə yandırılması havanın, torpağın və su ehtiyatlarının çirklənməsi riskini artırır. Bu, artıq yalnız bir kəndin məişət problemi deyil, ciddi ekoloji məsuliyyət məsələsidir.
Bəs bu vəziyyətə kim cavab verməlidir? İnsanlar zəhərli tüstü ilə nəfəs almağa, öz sağlamlıqları ilə bağlı narahatlıq keçirməyə məhkumdurlarmı? Tullantıların idarə olunmasına, poliqonun istismarına və ekoloji təhlükəsizliyə nəzarət edən qurumlar haraya baxır?
Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılsa da, qurum müsahibə verməkdən imtina edib. Halbuki söhbət ayrı-ayrı şəxslərin marağından yox, kənd sakinlərinin sağlamlığından və ekoloji təhlükəsizlikdən gedir. Belə həssas məsələdə susmaq və ictimaiyyətə açıqlama verməkdən yayınmaq problemin həllinə xidmət etmir.
Aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaq əvəzinə, konkret addımlar atmalıdırlar. Poliqonda tullantıların yandırılmasının qarşısı alınmalı, ərazidə ekoloji monitorinq keçirilməli, havanın, torpağın və suyun çirklənmə səviyyəsi araşdırılmalı, qanun pozuntularına yol verən şəxslər barəsində tədbir görülməlidir.
İnsanların sağlamlığı hansısa qurumun məsuliyyətsizliyinə qurban verilməməlidir! Niyazoba sakinləri sağlam mühitdə yaşamaq istəyirlərsə, bu, onların tələbidir və həmin tələbə cavab vermək aidiyyəti qurumların borcudur.
Nüşabə Baxşıyeva
Denmedia.az

