D vitamini çatışmazlığı kişilərin reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər.
Bu barədə Moskva vilayətinin Krasnoqorsk Klinik Xəstəxanasının terapevti Yelena Revkova NEWS.ru-ya müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, D vitamini orqanizmdə kalsium və fosforun mənimsənilməsində, sümük toxumasının sağlamlığının qorunmasında, əzələ və immun sisteminin fəaliyyətində mühüm rol oynayır.
Mütəxəssis qeyd edib ki, alimlər bu vitaminin kişilərin reproduktiv funksiyasına, xüsusilə hormonal balansın tənzimlənməsinə və spermatozoidlərin yaranması prosesinə mümkün təsirini də araşdırırlar.

Bəzi müşahidə tədqiqatlarında D vitamininin aşağı səviyyəsi ilə testosteronun azalması arasında əlaqə aşkarlanıb. Lakin həkim vurğulayıb ki, bu, hormonal dəyişikliklərin birbaşa vitamin çatışmazlığından qaynaqlandığını sübut etmir.
Revkovanın sözlərinə görə, D vitamini yağlı dəniz balıqlarında, yumurta sarısında və bəzi balıqların qaraciyərində mövcuddur. Bundan əlavə, günəşin ultrabənövşəyi şüalarının təsiri ilə dəridə də sintez olunur.

