Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada qanadlı raketlə hücum etməyə cəhd göstəriblər.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb hərbi koalisiyasının məlumatına görə, Ər-Riyada istiqamətlənən raket havada ələ keçirilərək məhv edilib.
Koalisiyanın sözçüsü Türki əl-Maliki sosial şəbəkədə yaydığı məlumatda raketin husilər tərəfindən buraxıldığını bildirib.
Yəməndə beynəlxalq səviyyədə tanınan hökuməti dəstəkləyən koalisiya iyul ayında döyüşlərin yenidən intensivləşməsindən sonra hücumların sayının kəskin artdığını qeyd edib.
Son həftələr husilər Səudiyyə Ərəbistanının müxtəlif obyektlərinə, o cümlədən hava limanlarına, enerji infrastrukturuna, hərbi bazalara və paytaxt Ər-Riyada raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçiriblər.

