Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Azərbaycan–Ermənistan münasibətlərini müzakirə ediblər.
Bu barədə İtaliya hökumətinin başçısı Azərbaycan lideri ilə birgə mətbuata açıqlamasında bildirib.
"Biz Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik. İtaliya normallaşma prosesinə tam dəstəyini bir daha vurğulayır. Bu proses ABŞ tərəfindən impuls verilmiş tarixi mərhələni əks etdirir. Düşünürəm ki, 2026-cı il bu baxımdan mühüm ola bilər, çünki regionun bütün potensialını işə salmaq vacibdir", deyə Meloni qeyd edib.
O əlavə edib ki, tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinin əhəmiyyətini də vurğulayıblar.
Corcia Meloni həmçinin bildirib ki, enerji və nəqliyyat Avropanın daha fəal rol oynaya biləcəyi əsas sahələrdir. Onun sözlərinə görə, bu, investisiyaların dəstəklənməsinə, Azərbaycanın enerji şəbəkələrinə və beynəlxalq nəqliyyat marşrutlarına daha dərin inteqrasiyasına imkan yarada bilər.

