Mayın 10-11-də Bakıda Azərbaycanın ilk Beynəlxalq Neyrocərrahiyyə Konqresi keçiriləcək.
“Azərbaycan Neyrocərrahlar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə yerli və xarici mütəxəssislər iştirak edəcəklər.
Azərbaycan Neyrocərrahlar Assosiasiyasının vitse-prezidenti Uzm. Dr. Tural Rəhimli bildirib ki, Konqresin məqsədi ölkəmizdə neyrocərrahiyyənin inkişafına təkan vermək, neyrocərrahiyyə sahəsində beynəlxalq təcrübənin paylaşılması, yerli və xarici təcrübə mübadiləsini gücləndirmək, yeni elmi yanaşmaların müzakirəsi və gənc mütəxəssislərin maarifləndirilməsidir.
Konqres çərçivəsində “Kəllə əsası cərrahiyyəsi”, “Vaskulyar neyrocərrahiyyə 1”, “Epilepsiya cərrahiyyəsi”, “Pediatrik neyrocərrahiyyə”, “Funksional neyrocərrahiyyə”, “Vaskulyar neyrocərrahiyyə 2”, “Neyroanatomiya”, “Neyroonkologiya”, “Spinal neyrocərrahiyyə 1” və “Spinal neyrocərrahiyyə 2” mövzularında ümumilikdə 10 panel üzrə təqdimatlar və elmi müzakirələr keçiriləcək.
Tədbir “Fairmont Baku” otelində baş tutacaq.









