ABŞ hərbi komandanlığı Okinavada yerli qadının qətlindən sonra hərbçilər üçün əlavə məhdudiyyətlər tətbiq edib. Cinayətdə ABŞ dəniz piyadası şübhəli bilinir.
Yeni qaydalar 30 gün müddətində qüvvədə olacaq və regionda yerləşən bütün ABŞ hərbçilərinə şamil ediləcək. Məhdudiyyətlər çərçivəsində hərbçilərə gecə saatlarında yaşayış yerlərini tərk etmək qadağan olunub. Reuters də bir aylıq komendant saatı və alkoqol qadağasının tətbiq edildiyini bildirir.
Bundan əlavə, ABŞ komandanlığı 48 saatlıq fəaliyyət fasiləsi elan edib. Bu müddətdə hərbçilər bazalara qayıtmalı və intizam qaydaları üzrə təlim keçməlidirlər. Həmçinin alkoqoldan istifadə tam qadağan edilib.
Polisin versiyasına görə, 39 yaşlı qadının meyiti Naha şəhərindəki otellərdən birində tapılıb. Müşahidə kameralarında ABŞ dəniz piyadasının qadınla birlikdə otelə daxil olduğu, bir müddət sonra isə tək çıxdığı görüntülənib. Şübhəli daha sonra saxlanılıb.

