Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma ilə bağlı iki mümkün hal aşkarlanıb.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, ehtimal edilən yoluxma halları ölkənin Çopo əyalətinin inzibati mərkəzi olan Kisanqani şəhərində qeydə alınıb. Bildirilir ki, bu bölgə indiyədək Ebola virusunun yayıldığı ərazilər sırasına daxil olmayıb.
Mənbənin məlumatına əsasən, mütəxəssislər xəstəliyin Konqo Demokratik Respublikası daxilində daha geniş ərazilərə yayılma riskini çox yüksək, qonşu ölkələr üçün isə yüksək qiymətləndirirlər.
Yaranmış təhlükə ilə əlaqədar tibbi xidmətlər şəhərdə epidemioloji nəzarəti və təmasda olan şəxslərin müəyyənləşdirilməsi işlərini təcili şəkildə gücləndirib.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Konqoda Ebola ilə bağlı mövcud vəziyyət hələlik tam nəzarət altına alınmayıb. Xəstəliyin yayılması isə əhalinin intensiv yerdəyişməsi fonunda davam edir.

