Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən görüş zamanı ikitərəfli münasibətlərin əsas məsələlərini və regional gündəliyi müzakirə ediblər.
DenMedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının rəsmi açıqlamasında tərəflərin Türkiyə–Rusiya münasibətlərinin mövcud vəziyyətini, Rusiya–Ukrayna müharibəsində sülhə nail olunması istiqamətində səyləri, eləcə də Avropa İttifaqı tərəfindən Rusiyanın aktivlərinin dondurulması məsələsini müzakirə etdikləri bildirilir.
Ərdoğan müharibənin ədalətli və dayanıqlı şəkildə başa çatdırılmasına yönəlmiş təşəbbüslərin vacibliyini vurğulayıb və enerji obyektlərini və limanları əhatə edən məhdud atəşkəsin faydalı ola biləcəyini qeyd edib.
O, Türkiyənin sülh prosesini yaxından izlədiyini və istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Görüşdə, həmçinin Fələstin və Suriyadakı son vəziyyət, eləcə də Cənubi Qafqazda sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

