Fransalı aktyor Jerar Depardye dövlət telekanalı France Televisionsa qarşı qaldırdığı iddianı geri götürüb. Bu barədə Le Monde qəzeti aktyorun vəkili Delfin Meyə istinadən məlumat yayıb.
Qərar 17 aprel tarixində Paris cinayət məhkəməsində keçirilən dinləmənin əvvəlində qəbul olunub.
Xatırladaq ki, 2023-cü ilin dekabrında telekanal aktyorun Şimali Koreyaya səfəri ilə bağlı reportaj yayımlamışdı. Süjetdə onun qadınlar haqqında alçaldıcı fikirlər səsləndirdiyi və yetkinlik yaşına çatmayan şəxs barədə qeyri-etik ifadələr işlətməsi iddia olunurdu.
Depardye isə materialın montajının saxtalaşdırıldığını bildirərək məhkəməyə müraciət etmişdi.
Vəkilin sözlərinə görə, aktyor iddianı təkcə telekanala qarşı deyil, həmçinin onun rəhbərinə, reportajın müəlliflərinə və sifarişçi şirkətə qarşı da geri götürüb.
France Televisions bu qərarı müsbət qiymətləndirib və aparılan ekspertizanın videoda saxtalaşdırma olmadığını göstərdiyini bildirib.
Qeyd edək ki, Depardye digər cinayət işlərində də ittiham olunur. 2025-ci ilin mayında məhkəmə onu 18 ay şərti cəza ilə məhkum edib, iki il müddətinə vətəndaş hüquqlarından məhrum edib və cinsi cinayətkarlar reyestrinə daxil edib. Bu iş üzrə apellyasiya 2026-cı ilin noyabrında keçiriləcək.

