Keniyada “Beynəlxalq Xoş Xəbər Kilsəsi” adlı dini təriqətin rəhbəri Pol Makkenzi 191 nəfərin ölümündə təqsirli bilinərək 200 il müddətinə azadlıqdan məhrum edildi.
Associated Press (AP) agentliyinin məlumatına görə, həlak olanlardan 190-ı uşaq, biri isə yetkin şəxsdir.
Makkenzi tərəfdarlarına “İsa Məsihlə görüşmək üçün” ölənədək ac qalmağı əmr edib.
Mombasa şəhərində keçirilən məhkəmədə hakim Diana Kavedza 183 nəfərin aclıqdan öldüyünü, digər səkkiz nəfərin isə qətlə yetirildiyini açıqlayıb. O, cinayətləri “soyuqqanlı və əvvəlcədən hesablanmış” adlandırıb.
Məhkəmə Makkenzini tərəfdarlarını ucqar əraziyə köçürməkdə və onları ölənədək ac qalmağa məcbur etməkdə əsas məsul şəxs hesab edib.
Cinayət işi üzrə onunla birlikdə daha 28 nəfər mühakimə olunub. Onların arasında aclıq göstərişlərinə əməl olunmasına nəzarət edən mühafizəçilər və kütləvi məzarların gizlədilməsinə kömək edən qəbirqazanlar da var.
Təqsirləndirilənlərdən biri günahını etiraf edərək cəzasının yüngülləşdirilməsini istəyib, digərləri isə ittihamları rədd ediblər.

