30 yanvar tarixində vəfat edən türkiyəli sənətçi Fatih Ürekin mirası ilə bağlı yeni detallar ortaya çıxıb. Məlumata görə, sənətçinin böyük sərvəti onun iki bacısı— Selvi Ürek və Nurgül Fırat arasında bölüşdürülüb.
Fatih Ürekin mal varlığı arasında Bodrumda təxminən 800 kvadratmetrlik villa, Ataşehirdə 5 mənzil, bank hesablarında nağd vəsait, təxminən 6 milyon TL dəyərində avtomobil, həmçinin almaz və qiymətli zinət əşyaları yer alır.
Sənətçi 15 oktyabr 2025-ci ildə evində keçirdiyi ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmiş, ilkin müdaxilə zamanı bir müddət ürəyi dayanmış, lakin həkimlərin səyi ilə həyata qaytarılmışdı. Təxminən 3 ay reanimasiya şöbəsində müalicə alan 59 yaşlı sənətçi 30 yanvarda vəfat edib və İstanbulda Karacaahmet qəbiristanlığında dəfn olunub.

Məlumata görə, “Hadi Hadi” mahnısı ilə tanınan Ürekin Bodrumdakı malikanəsinin dəyəri təxminən 170 milyon TL olaraq qiymətləndirilir. Bundan əlavə, onun Ataşehir və digər ərazilərdə daşınmaz əmlakları da mövcuddur.
Sənətçinin bir kafe şəbəkəsində pay sahibi olduğu, lakin vəfatından əvvəl bu paylarını digər investisiyalar üçün köçürdüyü də iddia olunur.

Jurnalist Seyhan Erdağın açıqlamasına görə, mirasla bağlı hüquqi prosedurlar tamamlanıb və əmlak qardaşlar arasında bölüşdürülüb. Bununla belə, Bodrumdakı ev və bəzi daşınmaz əmlakların satışı ilə bağlı proseslərin hələ davam etdiyi bildirilir.
Qeyd edək ki, Fatih Ürek həyatda olarkən ən böyük arzusunun öz adına məktəb tikdirmək və təhsil üçün fond yaratmaq olduğunu dəfələrlə ifadə etmişdi.

