Zaman məşhurlara bəzən daha mərhəmətli davranır. Yaxşı genlərə və doğuşdan gələn gözəlliyə sahib olmaları bir yana, tanınmış simalar əllərindəki imkanlardan da ağıllı istifadə edərək həm düzgün qulluq, həm də yerində edilən estetik toxunuşlarla illərin üzlərində yaratdığı izləri azaltmağa çalışırlar.
Bu məşhur adlar arasında biri var ki, görünüşü ilə özündən iki dəfə gənc qadınları belə qısqandıra bilər. Söhbət 93 yaşında olmasına baxmayaraq, gözəlliyini və enerjisini qorumağı bacaran əfsanəvi aktrisa Coan Kollinsdən gedir.

93 yaşında belə olduqca aktiv olan və “My Duchess” adlı yeni filmdə rol alan məşhur aktrisa yaş almağı zərifliklə qarşılamaq barədə aydın tövsiyələr verir.
“Həyatı çox sevirəm”, — deyən ulduz aktrisa qatıldığı tədbirlərdən birində 100 yaşına yaxınlaşmasına baxmayaraq, bu gənclik enerjisini necə qoruduğunu danışıb.
Coan Kollins bildirib:

Hər səhər oyanıb havanı içimə çəkirəm, yaxşı gecə yuxusu almağa çalışıram, bol su içirəm və özümə yaxşı baxıram.
Aktrisa əlavə edib ki, bəzən özünə inamını artırmağa ehtiyac duyanda köhnə filmlərini izləyir və bundan xoşbəxtlik hissi keçirir.
Coan Kollins yaxşı genlərə sahib olduğu üçün şanslı olduğunu etiraf edir. Onun sözlərinə görə, bu genetik mirası qorumaq da vacibdir. Lakin məşhur aktrisanın bu yaşda belə gənclik enerjisini saxlamasının əsas səbəblərindən biri də həyatı hələ də sevgi ilə yaşamasıdır.
Özündən 32 yaş kiçik olan beşinci həyat yoldaşı Persi Gibson ilə 2002-ci ildə ailə quran Coan Kollins bu evlilik barədə belə deyir:
Bir çox qurbağanı öpdükdən sonra nəhayət şahzadəmi tapdım.
Teatr prodüseri olan həyat yoldaşı ilə evlənməzdən əvvəl də çox yaxşı dost olduqlarını deyən Kollins münasibətlərinin tədricən formalaşdığını vurğulayıb.
O bildirib:
Bir tamaşada birlikdə çalışdıq. Bir-birimizin dostluğundan zövq aldıq. Birlikdə vaxt keçirdik. Növbəti il yenidən görüşdük. Bir-birimizə sevgi məktubları yazdıq. Bu, yavaş-yavaş inkişaf edən bir şey idi. Sonra eyni düşüncə dalğasında olduğumuzu anladıq.
Kollins həyat yoldaşı ilə aralarındakı yaş fərqinin sadəcə rəqəm olduğunu deyir. Onun fikrincə, həyatın istənilən mərhələsində sevgini tapmaq üçün heç vaxt gec deyil.

Aktrisa deyib:
Mən həyata qarşı böyük həvəslə doğulmuşam. Anam deyirdi ki, uşaq vaxtı heç vaxt yerimdə dayanmırdım. Eyni anda beş fərqli şey edirdim: tapmaca həll edir, oyuncaq ev düzəldir, kitab oxuyur, rəsm çəkir və detektiv olmağa çalışırdım.
İllərdir enerjisini qoruyan Coan Kollins üçün həyat bir “hədiyyə” kimidir. Məşhur aktrisa bir çox insanın bu hədiyyəni boşa xərclədiyini deyir və buna görə təəssüfləndiyini bildirir.


