Türkiyənin Bursa şəhərində rejissor Ezel Akayın yaşadığı ünvanda çətənə yetişdirilməsi ilə bağlı məlumat əsasında əməliyyat keçirilib.
Bursa Jandarma Komandanlığının narkotiklərlə mübarizə əməkdaşları prokurorluğun koordinasiyası ilə evdə axtarış aparıblar. Axtarış zamanı xüsusi qurğu ilə yetişdirildiyi ehtimal olunan çətənə bitkiləri və külli miqdarda marixuana aşkarlanaraq götürülüb.
Əməliyyat çərçivəsində Ezel Akay və qardaşı Eren Kazım Akay saxlanılıblar. Onlar ifadələrinin alınması üçün jandarma bölməsinə aparılıblar.
Daha sonra şübhəlilər narkotik maddə istifadə edib-etmədiklərinin müəyyənləşdirilməsi məqsədilə qan və saç nümunələrinin götürülməsi üçün İnegöl Dövlət Xəstəxanasına göndəriliblər.
Xəstəxanaya daxil olarkən jurnalistlərin görüntü çəkməsinə etiraz edən Ezel Akay “Niyə şəkil çəkirlər?” deyib.
Hadisə ilə bağlı istintaq rayon jandarma komandanlığı və prokurorluğun koordinasiyası ilə davam etdirilir.

