Türkiyədə məşhur şəxsləri əhatə edən narkotik işi üzrə genişmiqyaslı əməliyyat keçirilib.
Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində müğənni, aktyor, iş adamı və sahibkar kimi tanınan 25 nəfər barəsində saxlanılma qərarı verilib.
İstanbul Jandarma Komandanlığının keçirdiyi əməliyyat zamanı müğənni İlyas Yalçıntaş və prodüser Mehmet Fatih Aksoy da daxil olmaqla bir sıra şübhəlilər saxlanılıb.
Baş Prokurorluğun açıqlamasında bildirilib ki, həmin şəxslərin narkotik və ya psixotrop maddələrdən istifadə etməsi, onların istifadəsini asanlaşdırması və bunun üçün məkan təmin etməsi ilə bağlı əsaslı şübhələri təsdiqləyən dəlillər əldə olunub.
İstintaq çərçivəsində şübhəlilərin saxlanılması, yaşadıqları ünvanlarda axtarış aparılması və onlardan bioloji nümunələrin götürülməsi barədə göstəriş verilib.
Saxlanılma qərarı çıxarılan şəxslər arasında müğənni Sıla Gençoğlunun da olduğu bildirilir.
Əməliyyat zamanı İlyas Yalçıntaşın evində aparılan axtarışda həssas tərəzi və narkotik maddələrin istifadəsində işləndiyi ehtimal olunan bəzi materiallar götürülüb.
Saxlanılan şəxslərin prosedurlar başa çatdıqdan sonra məhkəməyə göndərilməsi gözlənilir. İstintaq davam edir.
Qeyd olunur ki, məhkəmə prosesi yekunlaşanadək şübhəlilərə qarşı irəli sürülən ittihamlar sübuta yetirilmiş hesab olunmur.

