Bəstəkar İqor Krutoyun ABŞ-dəki mənzilinə dələduzluq ittihamları ilə bağlı həbs qoyulub. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Söhbət musiqiçinin 7,5 milyon dollara aldığı, sahəsi 450 kvadratmetr olan mənzildən gedir. Mənzil yalnız bərə və ya helikopterlə çatmağın mümkün olduğu özəl adada yerləşir.
Hazırda daşınmaz əmlakın dəyəri təxminən 14 milyon dollar qiymətləndirilir. Onun illik saxlanma xərclərinin isə 140 min dollar olduğu bildirilir.
Məlumata görə, mübahisə milyarder Oleq Burlakovun mənzili etibar fondu vasitəsilə almaq cəhdindən sonra yaranıb. Burlakovun vəfatından sonra alqı-satqı baş tutmayıb.
Daha sonra iş adamının bacısı və qızları Krutoy ailəsini dələduzluqda ittiham edərək, mənzilə görə pulun ödənildiyini, lakin mülkiyyət hüququnun onlara verilmədiyini bildiriblər.
2025-ci ilin payızında ABŞ məhkəməsi mənzilin üzərinə həbs qoyub. Qərara əsasən, əmlakı satmaq, bağışlamaq və ya başqa şəxsin adına keçirmək mümkün deyil. Lakin onun icarəyə verilməsinə icazə verilir.
Hazırda Böyük Britaniya, Monako və Latviyada Burlakovun mirası ilə bağlı məsələlər həll olunduğu üçün iş üzrə icraat dayandırılıb.

