Amerikalı aktyor Nikolas Keycin Malibudakı 10,5 milyon dollar dəyərində dəbdəbəli malikanəsinin yaxınlığında iri torpaq çöküntüsü yaranıb. Bu barədə “Page Six” nəşri məlumat yayıb.
Torpağın yuyulması nəticəsində aktyorun qarajına aparan şəxsi avtomobil yolu tamamilə çöküb. Təxminən 9x9 metr ölçüsündə olan çuxurun dibində beton parçaları, hasar elementləri və tikinti avadanlıqları qalıb.
Mütəxəssislərin ilkin qənaətinə görə, təhlükəli çökmənin əsas səbəbi Sakit okean sahillərində torpağın intensiv sahil eroziyasına məruz qalmasıdır.
Yerli hakimiyyət orqanları hadisənin sentyabrın 8-də səhər saatlarında qeydə alındığını və çökmədən sonra qaz sızmasının da baş verdiyini bildiriblər.

Təhlükəsizlik məqsədilə fövqəladə xidmətlər küçəni bağlayıb və yaxınlıqdakı beş evin sakinlərinin əraziyə girişini müvəqqəti məhdudlaşdırıb.
Nikolas Keyc panoramik pəncərələri və ayrıca çimərliyi olan dördmərtəbəli malikanəni 2024-cü ilin avqustunda alıb.

