Apple şirkətinin baş icraçı direktoru Tim Cook 2025-ci ilin yekunlarına görə 74,3 milyon dollar məbləğində ümumi gəlir əldə edib. Bu göstərici əvvəlki ildəki 74,6 milyon dollardan bir qədər aşağıdır. Bu barədə MacRumorsun yazdığına görə, Apple-ın səhmdarlar üçün hazırladığı illik hesabatda deyilir.
Ödənişlərin əsas hissəsini 57,5 milyon dollarlıq səhm bonusları və hədəf göstəricilərə nail olunduğuna görə ödənilən 12 milyon dollarlıq mükafatlar təşkil edib. Kukun sabit illik maaşı 2016-cı ildən bəri dəyişməyərək 3 milyon dollar olaraq qalıb.
Ümumi məbləğə həmçinin 1,76 milyon dollar dəyərində həyat sığortası, məzuniyyət kompensasiyaları, pensiya ödənişləri və təhlükəsizlik xərcləri daxil edilib. Bu xərclərə işgüzar və şəxsi səfərlər üçün şəxsi təyyarələrdən məcburi istifadə də daxildir. Şirkətdə kompensasiya üçün hədəf səviyyə 59 milyon dollar müəyyən edilsə də, yüksək maliyyə nəticələrinə görə verilən bonuslar Kukun gəlirini bu həddi aşmağa imkan verib.
Apple-ın digər əsas rəhbərləri — vəzifəsindən ayrılan baş hüquq məsləhətçisi Kate Adams, əməliyyat direktoru Sabih Khan və pərakəndə satış bölməsinin rəhbəri Deirdre O'Brien — hər biri təxminən 27 milyon dollar qazanıb. Maliyyə direktoru dəyişikliyi fonunda keçmiş CFO Luca Maestri 15,5 milyon dollar, onun varisi Kevan Parekh isə 22,5 milyon dollar gəlir əldə edib.

