Türkiyə kinosunun tanınmış aktyoru Kadir İnanırın 77 yaşında vəfatından sonra onun mirası ətrafında başlayan mübahisələrlə bağlı yeni təfərrüatlar üzə çıxıb. Təxminən 1 milyard türk lirəsi dəyərində olduğu bildirilən sərvətə daşınmaz əmlaklar, qiymətli saatlar, bank hesabları, şəxsi kolleksiyalar və müəllif hüquqlarından əldə edilən gəlirlər daxildir.
Aktyorun son vəsiyyətnaməsində əmlakının böyük hissəsini uzun illər həyatını bölüşdüyü Jülide Kurala miras qoyduğu iddia edilir. Bu məlumat ailə üzvləri arasında narazılığa səbəb olub.
Kadir İnanırın mirasında İstanbul, Ordu və müxtəlif istirahət bölgələrində yerləşən daşınmaz əmlakların mühüm yer tutduğu bildirilir.
Məlumata görə, bu əmlakların ümumi dəyəri təxminən 650 milyon türk lirəsi təşkil edir.
Aktyorun illər ərzində topladığı qiymətli əşyalar da sərvətinin diqqətçəkən hissəsini təşkil edir. 25-dən çox lüks saat, qızıl alışqan, üzük və qələmlərdən ibarət kolleksiyanın ümumi dəyərinin təxminən 50 milyon türk lirəsi olduğu iddia edilir.
Məşhur aktyorun sərvətində ən qeyri-adi əşyalardan biri isə onun qurbağa fiqurları kolleksiyasıdır.
İnanırın illər ərzində dünyanın müxtəlif ölkələrindən topladığı 3 mindən çox qurbağa fiquruna sahib olduğu bildirilir.
Xüsusi dizaynlı və müxtəlif dövrlərə aid fiqurlardan ibarət kolleksiyanın dəyərinin təxminən 35 milyon türk lirəsi olduğu qeyd edilir.
İnanırın bank hesablarında da külli miqdarda vəsaitin olduğu iddia edilir.
Məlumata əsasən, aktyorun depozit hesablarındakı vəsaitin ümumi məbləği 200 milyon türk lirəsindən çoxdur. Onun müxtəlif maliyyə aktivlərinin də mirasa daxil olduğu bildirilir.

Kadir İnanır kino karyerası ərzində 182 film və 12 serialda rol alıb.
Aktyorun iştirak etdiyi ekran əsərlərindən əldə edilən müəllif hüquqları üzrə gəlirlərin də mirasa daxil olduğu və gələcək illərdə qazanc gətirməyə davam edəcəyi bildirilir.
İddialara görə, İnanırın filmlərindən əldə olunan gəlirlər onun yaxınlarına ildə orta hesabla 10 milyon türk lirəsi qazandıra bilər.
İnanırın övladının və qardaşının olmaması səbəbindən miras məsələsində onun bacı-qardaş övladları və digər qanuni varisləri gündəmə gəlib.
Vəkil Hikmet Altun Kalem miras prosesində 28 varisin olduğunu açıqlayıb.
Aktyorun son vəsiyyətnaməsində əmlakının və kolleksiyalarının böyük hissəsini uzun illər birlikdə olduğu Jülide Kurala miras qoyduğu iddia edilir.
Bu məlumatdan sonra bəzi ailə üzvlərinin vəsiyyətnaməyə etiraz etdiyi bildirilir. Vəsiyyətnamə ilə bağlı məhkəmə iclası dekabrın 17-nə təxirə salınıb.
Kadir İnanırın bacısı oğlu Levent İnanır ailə üzvlərinə mirasdan heç bir pay ayrılmadığını iddia edib.
O, narazılığını belə ifadə edib:
“Dayım bizə nəinki qol saatı, heç bir qalstuk belə qoymayıb”.
Levent İnanır etirazlarının yalnız maddi səbəblərlə bağlı olmadığını, ailənin vəsiyyətnamə ilə mirasdan tamamilə kənarda saxlanıldığını düşündüklərini bildirib.
Beləliklə, təxminən 1 milyard türk lirəsi dəyərində olduğu iddia edilən miras və aktyorun vəsiyyətnaməsi ətrafında mübahisələr davam edir.

