Yodun orqanizmdə həm çatışmazlığı, həm də həddindən artıq olması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə hamiləlik dövründə yod balansının pozulması ana və gələcək körpə üçün təhlükə yaradır.
Yod qalxanabənzər vəzinin normal fəaliyyəti üçün vacib mikroelementdir. Bu maddə orqanizmin böyüməsinə, maddələr mübadiləsinə və dölün beyin inkişafına təsir edən hormonların hazırlanmasında mühüm rol oynayır.
Hamiləlik zamanı ağır yod çatışmazlığı düşük, ölü doğuş və körpənin inkişafında ciddi pozuntular riskini artıra bilər. Xüsusilə dölün sinir sisteminin inkişafı zərər görə, gələcəkdə uşağın zehni inkişafında geriləmə yarana bilər.

Lakin yodun həddindən artıq qəbulu da təhlükəsiz deyil. Orqanizmdə yodun çoxluğu qalxanabənzər vəzinin fəaliyyətini poza, həm anada, həm də döldə hormon balansının pozulmasına səbəb ola bilər.
Mütəxəssislərin tövsiyələrinə əsasən, hamilə qadınların gündəlik ümumi yod ehtiyacı təxminən 250 mikroqramdır. Yodlaşdırılmış duz, süd məhsulları, yumurta və balıq bu mikroelementin əsas mənbələri arasındadır.
Həkimlər yod tərkibli preparatların özbaşına və yüksək dozada qəbul edilməməsini tövsiyə edirlər. Hamiləlik planlaşdıran və ya hamilə olan qadınlar yod əlavələrinin qəbulunu həkimlə razılaşdırmalıdırlar.

